Şahruddinin klubunda şok ayrılıq – Murat Sancak istefa verdi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Adana Dəmirspor” klubunun prezidenti Murat Sancak istefa verib.

Arena.az xəbər verir ki, bu qərarını o, belə açıqlayıb:

“Hörmətli “Adana Dəmirspor” azarkeşləri, bu andan etibarən prezidentliyi Mətin Qorxmaza təhvil verirəm. “Niyə və hansı səbəbdən” sualını verməyin. Lazım olduğu üçün mövsümün sonunda mətbuat konfransında bunun səbəbini və səbəblərini açıqlayacağam. Sizdən xahiş edirəm, Mətin Qorxmazın ətrafında birləşib, lazımi dəstəyi göstərəsiniz. Bu komanda Super Liqada qalacaq, narahat olmayın. Amma söz verirəm ki, vəziyyəti bu həddə gətirib çıxaranlarla sonadək məşğul olacağam və daha yüksək səviyyədə mübarizə aparacağam. Mənə güvənin”.

Xatırladaq ki, Murat Sancak 2018-ci ildən “Adana Dəmirspor”un prezidenti kimi fəaliyyət göstərirdi.

“Adana Dəmirspor”da Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev də çıxış edir. Super Liqa klubu 29 yaşlı qolkiperi 2023-cü ilin sentyabr ayında “Qarabağ”dan transfer edib. Milliləşdirilmiş dağıstanlı futbolçu Türkiyə klubunun heyətində indiyə qədər 15 oyuna çıxıb, 24 qol buraxıb, 2 görüşdə isə qapısını toxunulmaz saxlaya bilib.