“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Kubokunun 1/8 finalında “Karvan”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Futbolçularımı təbrik edirəm. “Karvan” da yaxşı oyun nümayiş etdirdi. Sevindirici məqam odur ki, futbolçularımız zədələnmədi. Komanda sona qədər intizamı saxladı. İlin son oyunundan öncə əhvalımız pozulmadı. Qarşıda “Səbail”lə matçımız var. Bu oyuna hazırlaşacağıq.
Bu gün rəqibdən daha çox futbolçularım əsəblərimlə oynadılar. Meydanda bəzi məqamlar var idi. Oyunun taleyini daha tez həll edə bilərdik. Ürəkdən davransaydılar, narahatlıq olmazdı. Rəqibin əks-hücumda oynaması normaldır. Bəzi epizodlarda son ötürmələri düz versəydilər, bəlkə hesabda önə də çıxardılar. Bəzi oyunçularımın boş oynaması məni əsəbləşdirdi. Ümumi götürəndə oyun nəzarətimiz altında idi. Əsas odur ki, nəticəni 90 dəqiqədə qazandıq”.
Samir Abasov “Sumqayıt”ın bu mövsüm kubokda aşağı liqa təmsilçiləri “Lerik” və “Karvan”la qarşılaşmasına da toxunub:
“Kubokun bu formatından ən çox acı çəkən “Sumqayıt” oldu. Legionerimizi ilin sonuna kimi itirdik. Amma bu, o demək deyil ki, aşağı liqa klubları kubokda oynamamalıdır. Onların iştirak etməsi yaxşıdır. İstərdik ki, aşağı liqa klublarının da şəraiti yaxşı olsun, biz də gedib orada oynayaq. Rayon komandasının ev oyununu bizim meydanda keçirməsi… Önəmi qalmır. Bunlar düzəlsə, daha maraqlı olar. “Lerik”lə səfərdə oynasaydıq, stadion tam dolardı. Kubokda komanda sayının artması yaxşıdır. Bu gün Birinci Liqa komandası ilə oynadıq. Rahatlıqla qələbə qazanmadıq. Birinci şəraiti düzəltmək lazımdır”.
“Birinci Liqa ilə Premyer Liqa arasında uçurum var”
“Karvan”ın baş məşqçisi Kənan Kərimov isə komandasının məğlubiyyətini belə şərh edib:
“Komandamı təbrik edirəm, əzmkar mübarizə apardılar. Uşaqlar verdiyim tapşırıqların öhdəsindən gəldilər. Kubok bir oyundan ibarətdir. Cavab matçı olsa, daha maraqlı olardı. Bu oyun komandamızın böyüməsi üçün faydalıdır. Heyətdə itkilərimiz var idi. Bəzi mövqelərdə yorğunluq hiss olundu. Ehtiyat skamyamız geniş olmadığı üçün çətinliklər oldu. Etiraf edək ki, Birinci Liqa ilə Premyer Liqa arasında uçurum var. Əsas oyunçularımızın yoxluğu da təsir göstərdi. Rəqib favorit olsa da, uşaqlar döyüşdülər. Bizim də imkanlarımız oldu. Daha dəqiq olsaydıq, fərqli nəticə ola bilərdi”.


