“Milan”ın italyan dayaq yarımmüdafiəçisi Sandro Tonali “Nyukasl”la 2028-ci ilə qədər 5 illik müqavilə imzalayıb.
Arena.az bu barədə italyan jurnalist-insayder Nikolo Skiraya istinadən xəbər verir.
Müqavilənin şərtlərinə görə, Tonali mövsümə 7 milyon avro məbləğində məvacib alacaq. Daha əvvəl bildirilmişdi ki, “Nyukasl” Tonalinin transferi üçün “Milan”a təxminən 50 milyon avro təklif edib.
İngiltərə klubunun bu transferi qısa zamanda rəsmən açıqlaması gözlənilir.
Sandro Tonali “Milan”a 2020-ci ildə “Breşiya”dan icarə əsasında keçib. Bir il sonra “rossoneri” yarımmüdafiəçini uzunmüddətli müqavilə əsasında transfer edib.
2022/2023 mövsümündə Tonali “Milan”ın heyətində 48 oyuna çıxıb, 2 qol vurub, 10 məhsuldar ötürmə edib.
“Transfermarkt” internet-portalı Sandro Tonalini 50 milyon avro məbləğində qiymətləndirir.