Saşa İliç: “Eyni səhvlər hər oyunda təkrarlanır”

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü meydan sahiblərinin 1:3 hesab yekunlaşıb.

Saşa İliç matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Neftçi”ni təbrik edirəm. Oyunun gedişində bir neçə səhv buraxdıq. Nəticədə də uduzduq.

Mənim haqqımda qərarları rəhbərlik verir. Hansısa problem yoxdur. Biz futbolçulara tapşırıqlarımızı veririk. Məsələn, Səbuhi Abdullazadəyə deyirik ki, meydançanın mərkəzində səhv etmək olmaz, ancaq bu, hər oyunda təkrarlanır. Tək Səbuhi ilə problemim yoxdur. Eyni hal bu gün Səbuhi, sabah Masaka, ondan sonrakı gün Ninkoviçdə də baş verə bilər. Bir nəfərə deyilirsə, digərləri də başa düşməlidir. Çünki “Neftçi” kimi komandalar bu cür səhvləri bağışlamırlar.

Premyer Liqada 4-5 komanda var ki, bizi səviyyə baxımından üstələyir. Buraxdığın səhvlər də nəticəyə birbaşa təsirini göstərir. Biz maksimumuza ötən ilin noyabrında çatmışdıq. Xatırlayıram, liqanın birinci yarısında heç kim sual vermirdi ki, necə olur bu cür qələbələr qazanırsınız? Futbolda belə nəticələr olur. Maksimuma çatdıq və irəliləmək üçün addımlar lazım idi. Rəhbərliklə danışdıq, bəzi transferlər baş tutmadı. İndi isə gənclər özlərini göstərməlidir ki, yeni mövsüm əsas heyətdə olsunlar və ya başqa klublara keçə bilsinlər.

Mənim məsuliyyətimdə olan məsələ kollektivi matça hazırlamaq, buraxdığımız səhvlər üzərində işləməkdir. Futbolda hansı komanda səhv edir, o da uduzur. Ən böyük problem odur ki, biz asan səhvlərdən qollar buraxırıq. Halbuki, məşqlərdə səhvlərimiz üzərində işləyirik. Lakin çıxırıq növbəti matça, yenə də həmin səhv… “Qarabağ” eyni heyətlə nə qədər irəliləyə bilər? Hər zaman rotasiyalar lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: