Ukraynanın “Şaxtyor” klubu UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə qrup mərhələsinin ev oyunlarını Almaniyada keçirəcək.
Arena.az bu barədə “Bild”ə istinadən məlumat verir.
Mənbənin məlumatına görə, Donetsk təmsilçisi bu görüşlərin keçiriləcəyi məkanı da razılaşdırıb. Komanda rəqiblərini Hamburqdakı “Folksparkştadion” stadionunda qəbul edəcək.
“Folksparkştadion” sonuncu dəfə UEFA Çempionlar Liqası oyununu 2006-cı ildə qəbul edib. Bu arenada hazırda İkinci Bundesliqada iştirak edən yerli “Hamburq” klubu çıxış edir.
“Şaxtyor” ötən mövsüm Avropa turnirinin ev oyunlarını Varşavada keçirib. Ukrayna çempionatında komanda mövsümə “Arena Lvov”da başlayaraq bir neçə stadionda çıxış edib. Daha sonra “şaxtaçılar” Xarkovda oynayıblar, daha sonra isə Kiyevin “Olimpiyski” stadionunda “məskunlaşıblar”.
Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi avqustun 31-də keçiriləcək.


