UEFA Çempionlar Liqasının 1/16 finalının “Sportinq”lə ilk oyunu Dortmund “Borussiya”sının hücumçusu Seru Girassi üçün düşərli olub.
Arena.az məlumat verir ki, qvineyalı hücumçu “Borussiya”nın qələbəsinə məhsuldar ötürmə və qolla töhfəsini verib.
Bu, Girassinin UEFA Çempionlar Liqasında “Borussiya”nın heyətində bir mövsümdə 9-cu oyununda 13-cü səmərəli fəaliyyəti olub – 10 qol və 3 məhsuldar örürmə. Beləliklə, Girassi Çempionlar Liqasında “Borussiya”nın bir mövsüm ərzində ən səmərəli futbolçusu ünvanına sahib olub.
Girassi Dortmund klubunun keçmiş ulduzları – norveçli qolçu Erlinq Haland (hazırda “Mançester Siti) və polyak qolçu Robert Levandovskiyə (hazırda “Barselona”) məxsus rekordu (hər biri 10 qol və 2 məhsuldar ötürmə) yeniləyib. Haland müvafiq uğura 2020/2021-ci ilər mövsümündə, Levandovski isə 2012/2013-cü illər mövsümündə nail olub. Həmçinin Girassi, Haland və Levandovskinin Çempionlar Liqasının bir mövsümündə “Borussiya”nın heyətində 10 qolla müəyyənləşdirdiyi qolçuluq rekordunu təkrarlayıb. Göründüyü kimi, Girassi daha bir qol vuracağı halda, “Borussiya”nın Çempionlar Liqasında bir mövsümdə ən sərrast qolçusu ünvanına sahib olacaq.
Həmçinin Seru Girassi Çempionlar Liqasında yalnız özünə məxsus şəxsi rekordunu da yeniləyib. Qvineyalı hücumçu Çempionlar Liqasında ardıcıl 10 oyunda qol və ya məhsuldar ötürmə ilə fərqlənə bilmiş ilk afrikalı futbolçudur.
Seru Girassinin yeniyetməlik dövrü “Montarji”, “Amii” və “Laval” klublarında keçib.
Böyük futbolda “Laval”la debüt etmiş Girassi karyerası ərzində “Lill”, “Oser”, “Köln”, “Amyen”, “Renn” və “Ştutqart”da oynayıb.
Dortmund “Borussiya”sı qvineyalı futbolçunu 2024-cü ilin iyul ayında 18 milyon avro məbləğ müqabilində “Ştutqart”dan tamhüquqlu əsasda Dortmund klubunun düşərgəsinə qatıb. Girassinin “Borussiya” ilə müqaviləsinin müddəti 2028-c ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Girassi “Borussiya” üçün bütün yarışlarda 28 oyuna çıxıb, 19 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
Girassi ötən mövsüm Almaniya Bundesliqasında 28 oyuna 28 qol vurmaqla, yarışın ən sərrast futbolçuları arasında 2-ci olub.
Seru Girassi 2022-ci ilin mart ayında debüt etdiyi Qvineya yığmasının heyətində 22 oyuna 9 qolla fərqlənib.
Qvineyalı hücumçu “Köln”lə 2018/2019-cu illər mövsümündə Almaniyanın 2-ci Bundesliqasının qalibi olub. Bu, Girassinin futbolda ilk və hələ yeganə qənimətidir.
“Transfermarkt” internet-portalı 28 yaşlı qvineyalı hücumçunun transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


