Albaniya yığmasının baş məşqçisi Silvinyo Xorvatiya yığması ilə AÇ-2024-ün qrup mərhələsinin qarşıdakı 2-ci tur oyunundan danışıb.
Arena.az məlumat verir ki, braziliyalı mütəxəssis bu barədə oyunöncəsi mətbuat konfransında söbət açıb:
“Komandamız Xorvatiya yığması ilə oyuna yüz faiz hazırdır. Daha sonra məşqimiz olacaq, amma hələlik komanda ilə hər şey qaydasındadır.
Hər şeydən əvvəl, biz bu yarışa imtiyaz kimi baxmalıyıq. Bununla belə, imkanlarımızdan istifadə edib, əlimizdən gələni etməliyik. Bu, çətin qrupdur, indi isə keyfiyyətli komanda olan Xorvatiya ilə oynayacağıq.
Xorvatiya yığmasının İspaniya yığması ilə oyununa baxdım və onu öyrəndim. Xorvatiya yığması yaxşı oyun nümayiş etdirdi, hətta 3:0 hesabı ilə məğlub olsa belə. Nəticəni görmədən bu oyunun statistikasına baxsanız, Xorvatiyanın məğlubiyyətinə inanmayacaqsınız. Amma futbolun bu səviyyəsində hər şey ola bilər.
Başlanğıc heyətində dəyişiklik? Hələ bilmirəm. Bu axşam son məşqimiz var. Heyət toplanışını keçirib, sonra qərar verəcəyik. Biz bu haqda düşünürük. Amma şadam ki, hələ heç bir zədəlimiz yoxdur”, deyə Silvonyo vurğulayıb.
Xatırladaq ki, Xorvatiya – Albaniya oyunu bu gün, iyunun 19-da Hamburqun “Folksparkştadion”unda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 17:00-da başladacaq.
2-ci tur ərəfəsində komandalar “B” qrupunda belə sıralanıblar:
- İspaniya – 3 xal
- İtaliya – 3
- Albaniya – 0
- Xorvatiya – 0


