Futbol üzrə Xorvatiya milli komandasının sağ cinah müdafiəçisi Şime Vrsalko peşəkar futbolçu karyerasını başa vurduğunu elan edib. Arena.az xəbər verir ki, futbolçunun 31 yaşında karyerasını bitirməsinə çoxsaylı zədələr səbəb olub.
Şime Vrsalko Zaqreb “Dinamo”sunun yetirməsidir. O, öz ölkəsində “Lokomotiva” (Zaqreb) komandasının da uğurları üçün çalışıb. Daha sonra müdafiəçi İtaliyada “Cenoa” və “Sassuolo” kimi komandalarda çıxış edib. 2016-cı ildə o, İspaniyanın “Atletiko” (Madrid) klubuna üz tutub. Müdafiəçi paytaxt klubunda keçirdiyi 5 mövsüm ərzində bütövlükdə 100 matça çıxıb, 3 qola imza atıb. İspaniya klubu 2018/19 mövsümündə onu İtaliya “İnter”inə icarəyə verib.
Vrsalko 2022-ci ilin iyul ayında Madrid “Atletiko”sundan ayrılaraq Yunanıstanın “Olimpiakos” klubuna keçmişdi. Həmin vaxt o, bu klubla 3 illik müqavilə bağlamışdı. Amma əvvəlki zədəsi müdafiəçi üçün Yunanıstanda da kabusa çevrildi, “Olimpiakos”la müqaviləsinə xitam vermək məcburiyyətində qaldı.
Xatırladaq ki, Vrsalko 2011-2022-ci illər aralığında Xorvatiya yığmasında da aparıcı simalardan biri olub. O, yığmada bütövlükdə 52 oyun keçirib. Futbolçu 2018-ci ildə milli komandanın heyətində dünya çempionatının gümüş medalını qazanıb. Lakin elə o vaxtdan bəri sağ cinah müdafiəçisinin karyerası qarşısıalınmaz tənəzzülə uğradı. Dizində olan problemlər Vrsalkoya tam gücü ilə oynamağa imkan vermirdi. Əvvəlki səviyyəyə qayıda bilməyəcəyini anlayan Vrsalko futbolçu karyerasını bitirmək qərarına gəlib. Xorvatiya mətbuatının yazdığına görə, o, bundan sonra menecerlik fəaliyyəti ilə məşğul olacaq.
Vrsalko dünya ikinciliyi ilə yanaşı, “Dinamo” ilə 4 dəfə Xorvatiya çempionu (2009/10, 2010/11, 2011/12, 2021/13), Xorvatiya kubokunun qalibi (2010/11, 2011/12) olub. O, “Atletiko” ilə də 1 dəfə İspaniya çempionu (2020/21) olub, 1 dəfə də Avropa Liqasının qalibi (2017/18) adını qazanıb.


