Stiven Koker Türkiyə klubu ilə vidalaşdı

Türkiyənin “Fatih Karagümrük” klubunun müdafiəçisi Stiven Koker Super Liqa təmsilçisi ilə yolları ayırıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Əslən Syerra Leonedən olan 30 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Türkiyə klubu ona xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, Stiven Koker bu ilin avqustunda “Fənərbaxça”dan “Fatih Karagümrük” komandasına keçmişdi. Həmin vaxt o, bu klubla 2 illik müqaviləyə imza atmışdı. İstanbul təmsilçisində cəmi 7 oyuna çıxmış futbolçu 1 qol da vurub.

Koker 2019-cu ildən Türkiyədə çıxış edirdi. O, qardaş ölkədə “Fatih Karagümrük” və “Fənərbaxça”dan başqa, “Alanyaspor” və “Qaziantep”də də oynamağa imkan tapıb. Təcrübəli oyunçu daha öncə “Liverpul”, “Sauthempton”, “Suonsi Siti”, “Tottenhem”, “Bristol Siti”, “Kardiff Siti”, “Yeovil Taun”, “Dandi Yunayted” və KPR klublarında da forma geyinib. O, Syerra Leone yığmasında da 10 oyun keçirib.

Xəbəri sosial şəbəkələrdə paylaş: