Tedesko Kurtuanı AÇ-2024 üçün heyətə salmamasını əsaslandırdı

Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko “Real”ın qapıçısı Tibo Kurtuanı AÇ-2024 üçün heyətə daxil etməməsini əsaslandırıb.

Arena.az RTBF dərgisinə istinadən, italyan-alman mütəxəssisin bu barədə mülahizəsini təqdim edir:

“Tibo öz bədənini hamıdan yaxşı tanıyır. Hər şey əvvəldən aydın idi. O, yenicə meydana qayıdıb, böyük yarışda isə üç-dörd gündən bir oynamaq çətindir. Biz bu məlumatı nəzərə aldıq və hesab etdik ki, Kurtua Avropa çempionatına hazır deyil”, deyə Tedesko vurğulayıb.

Xatırladaq ki, Kurtua cari mövsümün əvvəlində sol dizinin ön çarpaz bağının yırtığı zədəsini almış, mövsümün böyük hissəsini müalicəsi ilə məşğul olmuşdu. Martın 19-da isə belçikalı qapıçı məşq zamanı menisk yırtığı zədəsi ilə üzləşmiş və cərrahi müdaxiləyə keçməyə məcbur olmuşdu.

Cari mövsümdə belçikalı qapıçı zədədən sonra sıraya dönməsilə “qaymaqlılar”ın heyətində 4 oyun keçirib və bu oyunlarda qapısının toxunulmazlığını təmin edə bilib.

Tibo Kurtua “Real”a 2018-ci ilin avqustunda 35 milyon avro müqabilində “Çelsi”dən keçib. Belçkialı qapıçının “Kral klubu” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Tibo Kurtua 2011-ci ilin noyabrında debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” qurtulub.

“Transfermarkt” internet-portalı 32 yaşlı belçikalı qapıçı Tibo Kurtuanın transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: