Tomas Müller “Bayern”in heyətində oyun rekordunu qırdı

Bundesliqanın 2-ci turunda “Frayburq”a qarşı ev oyunu (2:0) “Bayern”in veteran alman hücumçusu Tomas Müller üçün əlamətdar olub.

Arena.az “Bayern”in mətbuat xidmətinə istinadən məlumat verir ki, alman futbolçu Münhen komandasının heyətində tarixən ən çox oyun keçirmiş oyunçu olub.

Hazırda Müllerin hesabında “Bayern” üçün keçirdiyi 710 oyun var. Tomas Müller müvafiq göstəricidə “Bayern”in alman keçmiş qapıçısı Zepp Mayeri geridə qoyub.

Veteran hücumçu “Frayburq”la oyunda əlamətdar rekordunu qolla qeyd edib.

Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2023/2024-cü illər mövsümündə veteran hücumçu “Bayern”in heyətində bütün yarışlarda 41 oyun keçirib, 7 qol vurub, 12 məhsuldar ötürmə verib.

Cari mvsümdə isə Müller “Bayern” üçün bütün yarışlarda 3 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 710 oyun, 245 qol, 269 məhsuldar ötürmə.

Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 131 oyuna 45 qol və 41 məhsuldar ötürmə ilə fərqlənib.

Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub. Veteran hücumçu həmçinin bundestimlə DÇ-1014-ün qalibi adını qazanıb.

“Transfermarkt” internet-portalı 34 yaşlı veteran hücumçunun transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: