Almaniya Bundesliqasının 28-ci turunda “Haydenhaym”la səfər oyunu “Bayern”in alman veteran hücumçusu Tomas Müller üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, Almaniya nəhənginin 2:0 hesablı üstünlüyünü əldən verib 2:3 hesablı məğlubiyyətinə rəğmən, bu oyun Müllerə sevinc bəxş etməmiş deyil.
Belə ki, Müller “Bayern”in heyətində 700-cü oyununa çıxıb. Üstəlik, Müller “Bayern”in bu göstəriciyə çatmış ilk meydan oyunçusu olub. Müllerə qədər 700 oyunluq həddə çatıb onu keçmiş oyunçu isə “Bayern”in və Almaniya yığmasının qapıçısı Zepp Mayer olub.
İndi Müller, Mayerin 709 oyundan ibarət mütləq rekorduna doğru gedir.
Tomas Müller “Bayern”in yetirməsidir. Veteran hücumçu 2000-ci ildən “Bayern”in düşərgəsindədir və 2009-cu ilin iyulundan Münhen klubunun əsas komandasında çıxış edir. Müllerin “Bayern”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə veteran hücumçu “Bayern”in heyətində bütün yarışlarda 34 oyun keçirib, 4 qol vurub, 9 məhsuldar ötürmə verib.
Ümumilikdə Müllerin “Bayern”in heyətində çıxışının mənzərəsi belədir: 700 oyun, 239 qol, 265 məhsuldar ötürmə.
Müllerin zəngin qənimətlər muzeyi var. Tomas “Bayern”lə 12 dəfə Bundesliqanın, 6 dəfə Almaniya Kubokunun, 8 dəfə Almaniya Super Kubokunun, 2 dəfə Çempionlar Liqasının, 2 dəfə UEFA Super Kubokunun, 2 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub. Müller həmçinin 2 dəfə Almaniya Kubokunun (2009/2010 – 4 qol, 2013/2014 – 8 qol) ən sərrast futbolçusu olub.
Tomas Müller 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 128 oyuna çıxıb, 45 qol vurub, 40 məhsuldar ötürmə verib. Müller “bundestim”lə 2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub. Hücumçu həmçinin 5 qolla DÇ-2010-nun ən sərrast futbolçuları arasında yer alıb.
“Transfermarkt” internet-portalı 34 yaşlı veteran hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


