UEFA bu həftə baş tutan avrokubok oyunlarından sonra həftənin oyunçusu adına namizədlərin siyahısını açıqlayıb.
Arena.az xəbər verir ki, hər üç qitəmiqyaslı turnirin ən yaxşısı adına 4 namizəd var.
UEFA Çempionlar Liqasında namizədlər bunlardır: Xoselu (“Real”, İspaniya), Qaleno (“Portu”, Portuqaliya), Samuel Lino (“Atletiko”, İspaniya), Anxel Di Mariya (“Benfika”, Portuqaliya).
Xoselu səfərdə Almaniya klubu “Union Berlin”ə 3:2 hesabıyla qalib gəldikləri səfər oyununda dubla imza atıb.
Qaleno doğma meydanda Ukraynanın “Şaxtyor” (Donetsk) komandasına 5:3 hesabıyla qalib gəldikləri matçda həm dubl edib, həm də 2 qolun assist müəllifi olub.
Lino İtaliyanın “Latsio” klubu üzərindəki 2:0 hesablı ev qələbəsində 1 qol və 1 məhsuldar ötürmə ilə pay sahibi olub.
Di Mariya da “Zalsburq”a Avstriyada 3:1 hesabıyla qalib gəldikləri görüşdə 1 qol və 1 assistlə diqqət mərkəzinə düşüb.
Avropa Liqasında həftənin oyunçusu adına namizədlər bunlardır: Qonsalo İnasio (“Sportinq”, Portuqaliya), Kostas Fortunis (“Olimpiakos”, Yunanıstan), Velko Birmançeviç (“Sparta”, Praqa, Çexiya) və Moymir Xitil (“Slaviya”, Praqa, Çexiya).
İnasio Avstriyanın “Şturm Qraz” komandasına 3:0 hesabıyla qalib gəldikləri ev oyununda dubl edib.
Fortunis evdə Serbiyanın “Baçka Topola”sını 5:2 hesabıyla yendikləri görüşdə 3 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşə bilib.
Birmançeviç Limassol “Aris”inə səfərdə 3:1 hesabıyla qalib gəldikləri görüşdə dubl müəllifi olub.
Xitil isə İsveçrənin “Servett” komandasını evdə 4:0 hesabıyla yendikləri görüşdə 2 qolla yadda qalıb.
Avropa Konfrans Liqasında həftənin oyunçusu adına namizədlər isə bunlardır: Eran Zahavi (“Makkabi”, Təl-Əviv, İsrail), Edin Dzeko (“Fənərbaxça”, Türkiyə), Brayan Heynen (“Genk”, Belçika), Xosue (“Legiya”, Polşa).
Zahavi Belçikanın “Gent” komandasına 3:1 hesabıyla qalib gəldikləri görüşdə 2 qolla yadda qalıb.
Heynen Serbiya “Çukariçki”sinə doğma meydanda qalib gəldikləri matçda (2:0) 1 qola imza atıb.
Xosue Niderland “Alkmar”ına 2:0 hesabıyla qalib gəldikləri görüşdə dubl edib.
Dzeko da Trnava “Spartak”ına 4 cavabsız qol vurduqları oyunda dubl edib.
Xatırladaq ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində müəyyənləşəcək.


