UEFA reytinqi: “Neftçi”dən 0,125 ballıq töhfə

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edən “Neftçi” UEFA reytinqində ölkəmizə reytinq balı qazandırıb.

Arena.az xəbər verir ki, Bakı klubu bu turnirin 2-ci təsnifat mərhələsi çərçivəsində ötən gecə Bosniya və Herseqovina təmsilçisi “Jelezniçar”la üz-üzə gəlib.

Səfərdə baş tutan oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. “Neftçi” Sarayevodakı bərabərlik sayəsində ölkə reytinqinə 0,125 ballıq töhfə verib. Bununla da Azərbaycanın cari mövsümdəki xallarının sayı 0,875-ə çatıb. Bunun qalan 0,250 balı “Sabah”ın, 0,500-ü isə “Qarabağ”ın sayəsində qazanılıb.

“Qəbələ” isə bu turnir çərçivəsində ötən gün öz meydanında Kipr klubu “Omoniya”ya uduzduğundan (2:3), ölkəmizə xal qazandıra bilməyib.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,125-ə çatan Azərbaycan reytinq cədvəlində 29-cu pillədə qərarlaşıb. Bir addım irəlidə olan Sloveniya 16,125 reytinq xalına malikdir.

Reytinq cədvəlinə İngiltərə (88,928) başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü pillədə qərarlaşıb. Digər “böyük beşlik” ölkələrindən Almaniya (69,552) dördüncü, Fransa (51,914) isə altıncıdır. Fransızlar Niderlandı (52,100) özlərindən önə buraxıblar.

Türkiyə isə 27,350 balla 12-ci sırada qərarlaşıb. Ötən gün baş tutan oyunlar qardaş ölkənin cədvəldə bir pillə irəliləməsinə şərait yaradıb.

Türkiyədən başqa İsrail, Yunanıstan, Xorvatiya, Kipr, Ermənistan, Latviya, İslandiya, Malta və Monteneqro da siyahıda irəliləyib. Serbiya, Danimarka, İsveç, Rusiya, Lixtenşteyn, Litva, Lüksemburq və Uels isə geriləyib.

Sonda onu da xatırladaq ki, UEFA reytinqində hər klubun avrokubokların təsnifat mərhələsindəki qələbəsi ölkəsinə 0,250, hər heç-heçəsi isə 0,125 bal qazandırır. Məğlub olan komandalar isə reytinqə heç bir təsir göstərmirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: