UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında Liqa mərhələsinin 5-ci turunun görüşlərindən sonra reytinq siyahısı yenilənib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” bu həftə Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində İtaliyanın “Napoli” komandası ilə qarşılaşıb və 0:2 hesablı məğlubiyyətlə üzləşib.
Digər ölkə təmsilçilərinin həftəni uğurlu nəticələrlə başa vurması səbəbindən Azərbaycan UEFA reytinqində bir pillə geriləyib. Hazırda Azərbaycan 22,250 əmsalla 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki Ukraynanın 22,350 əmsalı var. Sloveniya isə 22,218 əmsalla 27-cidir.
Qeyd edək ki, Azərbaycan cari mövsümdə 5,125 reytinq əmsalı əldə edib. Son beş mövsümdəki ən yaxşı göstəricimiz isə 5,875 əmsaldır. Bu, 2023/2024-cü illər mövsümündə qazanılıb. “Qarabağ”ın cari mövsümdə ÇL-in Liqa mərhələsində ən azı daha 3 oyun keçirəcəyini nəzərə alsaq, yeni rekordun reallaşması da istisna deyil.
Xatırladaq ki, hazırda reytinqin cədvəlinə İngiltərə başçılıq edir – 101,783. İtaliya (90,517) ikinci, İspaniya (84,203) üçüncü, Almaniya (80,974) dördüncü, Fransa (73,444) beşincidir.


