Vensan Kompani “Bayern” futbolçularını bu yolla ruhlandırır

“Bayern”in baş məşqçisi Vensan Kompaninin, komandasının futbolçularını oyunlara necə ilhamlandırdığı məlum olub.

Arena.az bu barədə “Sport Bild” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, belçikalı gənc mütəxəssis futbolçularını inandırmağa çalışır ki, bu mövsüm həm oyun baxımından, həm də nəticələr baxımından onlar üçün sıçrayış olmalıdır. Nümunə olaraq, Kompani futbolçularına “Bayern”in keçmişdə müəyyənləşdirdiyi rekordları göstərir. Məsələn, “Bayern”in “trebl” əldə etdiyi 2012/2013-cü illər mövsümündə Bundesliqada rekord miqdarda – 91 xal toplamasını, eləcə də 2015/2016-cı illər mövsümündə münhenlilərin öz qapılarından cəmi 17 top buraxmasını misal çəkir.

Xatırladaq ki, cari ilin may ayının sonunda “Bayern” 38 yaşlı belçikalı mütəxəssis Vensan Kompani ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Belçikalı mütəxəssis alman mütəxəssis Tomas Tuxeli əvəzləyib. Almaniya nəhəngi Kompaninin qarşısında “Bayern”i düşdüyü bərbad vəziyyət qurtarmaq, qənimətlər uğrunda əvvəlki tək mübarizə aparan iddialı kollektivə çevirmək tapşırığını qoyub.

Çalışdırdığı müddətdə Kompani Almaniya nəhəngini 9 oyuna çıxarıb, 6 qələbə, 2 heç-heçə və 1 məğlubiyyət yaşayıb. “Bayern” bu oyunlarda 33 qol vurub, 10 qol buraxıb.

6 turdan sonra Bayern” 14 xalla Bundesliqanın yarış cədvəlinin zirvəsində qərarlaşıb.