“Bayern”in yeni baş məşqçisi Vensan Kompani Münhen klubunda üzləşəcəyi böyük məsuliyyəti dərk etdiyini bildirib.
Arena.az “Bayern”in mətbuat xidmətinə istinadən, belçikalı mütəxəssisin bu barədə fikirlərini təqdim edir:
“Bayern”in nə qədər böyük bir klub olduğunu bilirəm. Burada olmaqdan qürur duyuram, həm də çox ilham alıram. Anladığım qədər, mövsüm bizim üçün elə indi başlamalıdır.
Mən Brüssel küçələrində, “Anderlext” akademiyasında böyümüşəm. Biz bir komanda olmalıyıq. İstəyirəm ki, futbolçularım cəsarətli olsunlar, aqressiv olmağımızı istəyirəm. İstəyirəm ki, biz, mənim xasiyyətinə müvafiq oynayaq. İstəyirik ki, bu, oyunlar boyu davam etsin”, deyə Kompani bildirib.
Vensan Kompani məşqçilik fəalliyyətinə Belçika nəhəngi “Anderlext”lə başlayıb. Daha sonra, 2022-ci ilin iyulunda belçikalı mütəxəssis “Börnli”nin sükanı arxasına keçib. Artıq başa çatmış Premyer Liqa mövsümündə “Börnli” yarış cədvəlində sonuncudan əvvəlki, 19-cu yeri tutaraq, Çempionşipə yuvarlanıb. Buna rəğmən, Münhen klubu “Bayern”in Kompaninin xidmətində maraqlı olduğunu israr edib və məlum olduğu kimi, Almaniya nəhənginin sükanını belçikalı mütəxəssisə həvalə edib.
Kompani “Börnli”ni 96 oyuna çıxarıb, 41 qələbə, 24 heç-heçə, 31 məğlubiyyət yaşayıb.
Xatırladaq ki, Kompani bir müddət, “Bayern”də iş təcrübəsi olan Xosep Qvardiolanın məşqçilər qərargahında çalışıb, ispan mütəxəssisdən futbol məşqçiliyinin bir çox sirlərini mənimsəyib. Məhz bu amil “Bayern”in güvəndiyi məqam kimi Kompaninin təyinatında həlledici olub. O, bir neçə gün öncə Almaniya nəhəngi ilə 3 illik müqaviləyə imza atıb. Münhen klubu bu təyinata görə “Börnli”yə 12 milyon avroluq təzminat da ödəyib.


