Madrid “Real”ının braziliyalı hücumçusu Vinisius Junior İspaniya La Liqasında mart ayının ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
23 yaşlı futbolçu mart ayında keçirdiyi 3 oyunda 5 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub. Vinisius mükafat uğrunda əsas rəqibləri “Barselona”nın hücumçusu Robert Levandovskini, “Real Sosyedad”ın yarımmüdafiəçisi Bris Mendesi, “Vilyarreal”ın hücumçusu Aleksandr Sörlotu və “Atletik”in futbolçusu Qorka Qorosetanı qabaqlayıb.
Vinisius bu mövsüm ilk dəfə ayın ən yaxşısı seçilir. La Liqanın cari mövsümündə bu mükafatı qazanmış digər oyunçuların siyahısını təqdim edirik:
Avqust 2023 – Cud Belllingem (“Real”)
Sentyabr 2023 – Takefusa Kubo (“Real Sosyedad”)
Oktyabr 2023 – Cud Bellingem (“Real”)
Noyabr 2023 – Antuan Qrizmann (“Atletiko”)
Dekabr 2023 – Artyom Dovbik (“Jirona”)
Yanvar 2024 – Kirian Rodriqes (“Las Palmas”)
Fevral 2024 – Robert Levandovsk (“Barselona”)
Xatırladaq ki, Vinisius Junior “Flamenqo”nun yetirməsidir və “Real”a 2018-ci ilin iyulunda 45 milyon avro müqabilində elə “Flamenqo”dan keçib. Braziliyalı vingerin Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vinni” madridlilərin heyətində bütün yarışlarda 28 oyuna çıxıb, 18 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib. Vinisiusun “Real”da ümümi statistikası isə belədir: 253 oyun, 77 qol, 72 məhsuldar ötürmə.
Vinisius 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya millisində 28 oyun keçirib, 3 qol vurub, 4 məhsuldar ötürmə verib. “Vinni” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubi Amerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 23 yaşlı Vinisius Juniorun transfer dəyərini 150 milyon avro məbləğində qiymətləndirir.


