Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Vüsal İsgəndərli Türkiyənin “Boluspor” komandasının heyətində növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 24-cü turu çərçivəsində baş tutan “Ərzurumspor”la oyunun iştirakçısı olub.
“Boluspor” doğma meydanda baş tutan bu oyundan qələbə ilə ayrılıb – 1:0. Bu, Bolu təmsilçisinin cari mövsümdəki 11-ci qələbəsidir. Futbolçumuzun komandası digər oyunlarda 6 heç-heçə edib, 7 məğlubiyyətə üzülüb.
İsgəndərli bu oyuna start heyətdə başlayıb və fasilədə əvəzlənib. Azərbaycanlı futbolçu 39-cu dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
Xatırladaq ki, Vüsal İsgəndərli “Boluspor”a bu ilin yanvar ayında Albaniyanın “Eqnatiya” klubundan 150 min avroya transfer olunub. Onun Türkiyə klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var. Azərbaycanlı futbolçu Bolu təmsilçisində 7 matça çıxıb.
24 turdan sonra “Boluspor” 39 xalla 18 iştirakçı arasında 7-ci pillədə qərarlaşıb.


