Vüsal Məsimov “Turan Tovuz”dan ayrıldı

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Turan Tovuz”un sol cinah müdafiəçisi Vüsal Məsimov bu komandadan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, klubla Vüsal Məsimov arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Tovuz təmsilçisi göstərdiyi xidmətlərə görə Məsimova təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzu edib.

Qeyd edək ki, Vüsalın karyerasını digər qərb klubu “Kəpəz”də davam etdirməsi gözlənilir. O, məhz Gəncə təmsilçisindən təklif aldıqdan sonra bu yay yeni müqavilə bağladığı “Turan Tovuz”dan ayrılmağa qərar verib. Bunda onun Tovuz komandasında çox şans qazana bilməməsi də böyük rol oynayıb.

Xatırladaq ki, Məsimov 2022-ci ilin iyul ayında “Qəbələ”dən Tovuz klubuna gəlib. 23 yaşlı müdafiəçi əyalət təmsilçisində cəmi 11 oyuna çıxıb. “Qəbələ”nin yetirməsi 2021/2022 mövsümündə icarə əsasında “Kəpəz”in də formasını geyinib. Bir sözlə o, Gəncə təmsilçisi üçün yad sima deyil.

“Turan Tovuz” bu yay Məsimovdan öncə Henri Okebuqvu, Turan Vəlizadə, Natan Oduva, Şakir Seyidov, Siyanda Xulu, Ehtiram Şahverdiyev və Runi Eva ilə də yollarını ayırmışdı.

Əvəzində Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev, Piruz Marakvelidze, Belaydi Pusi və Roderik Miller klubla yeni müqavilə bağlayıb. Tovuzlular Fərid Nəbiyev, Aydın Bayramov, Sərtan Taşkın, Martin Petkov, Paçu, Otto Con, Brunao, Budaq Nəsirov, Aleks Serrano, Slavik Alxasovu da heyətə qatıblar. Xəyal Nəcəfovla (“Neftçi”) Veysəl Rzayev (“Sabah”) isə icarəyə götürülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: