İki gün öncə “Turan Tovuz”dan ayrılan sol cinah müdafiəçisi Vüsal Məsimov bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.
Arena.az saytının əldə etdiyi məlumata görə, artıq Gəncədə olan futbolçu yeni klubu ilə 1 illik anlaşıb.
“Kəpəz”in bu transferi ən qısa zamanda rəsmən açıqlaması gözlənilir.
Vüsalın məhz Gəncə təmsilçisindən təklif aldıqdan sonra bu yay yeni müqavilə bağladığı “Turan Tovuz”dan ayrılmağa qərar verdiyi bildirilir. Bunda onun Tovuz komandasında çox şans qazana bilməməsi də böyük rol oynayıb.
Xatırladaq ki, Vüsal Məsimov 2022-ci ilin iyul ayında “Qəbələ”dən Tovuz klubuna keçmişdi. 23 yaşlı müdafiəçi əyalət təmsilçisində cəmi 11 oyuna çıxıb. “Qəbələ”nin yetirməsi 2021/2022 mövsümündə icarə əsasında “Kəpəz”in də formasını geyinib. Bir sözlə o, Gəncə təmsilçisi üçün yad sima deyil.


