Xabi Alonso hər bir məşqçidən mənimsədiyi keyfiyyətləri vurğuladı

“Leverkuzen” “Bayer”inin baş məşqçisi Xabi Alonso digər mütəxəssislərdən mənimsədiyi keyfiyyətləri vurğulayıb.

Arena.az “Marca” nəşrinə istindən, ispan mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Mən bütün məşqçilərimdən çox şey öyrənmişəm və yeni işə başlayan bir mütəxəssis kimi özüm üçün çox şey götürmüşəm. “Rafa” Benites – bu, futboldur, taktika: necə uyğunlaşmaq, necə kömək etmək, nə etmək. “Pep” deyir: “Biz bax, belə oynayacağıq və bax, bu da olacaq”. Mourinyo üçün onun gücünü və ünsiyyət bacarıqlarını vurğulayardım.

Luis Araqonesdən məndə əminlik və nə istədiyimi müəyyən etmək bacarığı qalıb. Del Boske mənə məqbul miqyasda məhz nədən narahat olmağı öyrətdi. Ançelotti gözəl futbolun nə olduğunu və nə etmək gərək olduğunu mükəmməl şəkildə çatdırdı. Öz “mən”inizi təsis etməlisiniz. Siz özünüzü bu və ya digər insanla eyniləşdirə bilərsiniz, amma həmişə xasiyyətinizə əsaslanaraq”, deyə Alonso vurğulayıb.

Xabi Alonso “Bayer”i 2022-ci ilin oktyabrından çalışdırır. İspan mütəxəssisin “əczaçılar”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir. “Bayer” 42 yaşlı Xabi Alonsonun məşqçilik karyerasında çalışdırdığı ilk yüksək səviyyəli klubdur. Buna qədər Alonso “Real” və “Real Sosyedad”ın müxtəlif sistemlərində çalışıb.

Xabi futbolçu karyerası ərzində “Real Sosyedad”, “Liverpul”, “Real” və “Bayern”də çıxış edib.

Cari mövsümdə Xabi Alonsonun çalışdırdığı “Bayer” ən yaxın izləyicisi “Ştutqart”ı 17 xal qabaqlayaraq erkən surətdə Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” həmçinin Almaniya Kubokunun finalında “Kayzerslautern”i 1:0 hesabı ilə məğlub edərək, ölkə kubokunu qazanıblar. Qitə miqyasında isə “Bayer” uğurla çıxış etdiyi Avropa Liqasının finalına yüksəlib və burada gözlənilmədən “Atalanta”ya 0:3 hesabı ilə məğlub olub.

Bu mövsüm “Bayer” Bundesliqada bütün mövsümü məğlubiyyətsiz başa vurmaqla, yarışın tarixində bir ilkə imza atıb. Beləliklə, “əczaçılar” XXI əsrdə Avropanın böyük futbol beşliyi milli birinciliklərinin komandaları arasında mövsümü məğlubiyyətsiz başa vurmuş 3-cü komanda kimi tarixə düşüblər. “Bayer”ə qədər müvafiq nailiyyətə “Arsenal” (2003/2004-cü illər mövsümü) və “Yuventus” (2011/2012-ci illər mövsümü) imza atmışdılar.

Həmçinin “Bayer” cari mövsümdə 51 oyundan ibarət məğlubiyyətsiz oyunlar silsiləsinə nail olub ki, bu da mütləq Avropa rekordudur.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: