“Barselona”nın baş məşqçisi Xavi komandasının cari mövsümdəki əsas problemindən biri – müdafiə haqda danışıb.
Arena.az “Mundo Deportivo” nəşrinə istinadən, Xavinin bu barədə fikirlərini təqdim edir:
“Məni ən çox narahat edən müdafiədir. Hətta bir oyunda iki-üç qol vursaq da, bəzən müdafiədə səhvlər ucbatından qalib gələ bilmirik. Biz çox, həddən çox qol buraxırıq.
Hələ də İspaniyada çempionluq uğrunda mübarizə apara bilərikmi? Sözsüz, axı keçən il La Liqada qalib gələ bildik. Əminəm ki, biz mövsümün qalan bir neçə ayında ən yüksək hədəflər uğrunda mübarizə aparmağa qadirik”, deyə Xavi bildirib.
Hazırda “Barselona” keçirdiyi 18 oyundan sonra La Liqanın turnir cədvəlində 38 xalla 4-cü pillədə qərarlaşıb. Çempionata 48 xalla “Real” başçılı edir.
Yanvarın 5-də Bakı vaxtı ilə saat 00:30-da “Barselona” La Liqanın 19-cu turu çərçivəsində “Las Palmas”la oyuna çıxacaq.


