Xose Luis Çilavert Vinisius Juniora təpindi: “Futbol kişilər üçündür”

Paraqvay yığmasının keçmiş qapıçısı Xose Luis Çilavert “Real”ın braziliyalı vingeri Vinisius Juniorun davranışına münasibətini açıqlayıb.

Arena.az məlumat verir ki, ötənlərin məşhur qapıçısı, Vinisiusun, qaradərili futbolçulara qarşı irqi ayrı-seçkilik barədə sual müqabilində ağladığı videoya dair özünün “X” sosial şəbəkə hesabı üzərindən açıqlama verib:

“Çörək və tamaşa*. Rəqiblərini təhqir edən və hücum edən ilk şəxs odur. Qapazaltı olma, futbol kişilər üçündür”, deyə Çilavert Vinisiusa ismarış ünvanlayıb.

*İzah:
“Çörək və tamaşa” (latınca: panem et circenses) – Qədim Roma satirik şairi Yuvenalın 10-cu satirasından Roma xalqının müasir arzularını təsvir etmək üçün istifadə etdiyi ifadədir. Bu ifadə ilə Yuvenal öz dövrü üçün cəmiyyətin müasir dəyərlərini keçmiş illərin dəyərləri ilə müqayisə etmişdi.

Çilavert “çörək və tamaşa” deməklə, Vinisiusun bir növ diqqət azdıraraq, xüsusilə də futboldan, ictimaiyyətin rəğbətini qazanmağa çalışmasını qabardır.

Xatırladaq ki, Vinisius İspaniya La Liqasının oyunları zamanı dəfələrlə rəqib komandaların azarkeşlərinin irqi hücumlarına məruz qalıb. Son hallardan biri martın 17-də La Liqanın 29-cu turunun “Osasuna” və “Real” komandalarının qarşılaşdığı (2:4) oyunda baş verib. Ev sahibi “Osasuna”nın azarkeşləri tribunalardan “Vinisius, öl!” şüarları səsləndiriblər. Bu hadisədən sonra “Real” rəhbərliyi təhqirlərə əhəmiyyət verməyən hakimdən İspaniya Kral Futbol Federasiyasına (RFEF) şikayət edib və həmçinin əlaqədar qurumlar qarşısında vəsatət qaldırıb.

Vurğulayaq ki, bir çox təhlilçilər məhz Vinisiusun özünün azarkeşləri təxribata sürüklədiyi iddiasındadırlar. Bir çoxları belə fikirdədir ki, “Vinni” bu yolla daim diqqət mərkəzində qalmağa çalışır, bir növ “kameralara işləyir”.

Vinisiusun irqi ayrı-seçkiliklə əlaqədar sualı cavablayarkən ağlaması əks edilmiş video:

Xəbəri sosial şəbəkələrdə paylaş: