Yusif Nəbiyev “Səbail”lə yeni müqaviləyə imza atdı

2024/2025 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” sol cinah müdafiəçisi Yusif Nəbiyev ilə müqavilə müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə bildirilir ki, 26 yaşlı futbolçu ilə 1 illik anlaşma əldə olunub.

Müdafiəçi 2023-cü ilin yayından etibarən “dənizçilər”in formasını geyinir. Nəbiyev ötən mövsüm bu komandanın heyətində Azərbaycan Premyer Liqasında 34, Azərbaycan Kubokunda 3 oyuna çıxıb. Oyunçu bu görüşlərdə 5 qol və eyni sayda məhsuldar ötürmə ilə fərqlənib.

Xatırladaq ki, Yusif Nəbiyev ötən mövsümün əvvəlində, 2023-cü ilin iyun ayında “Kəpəz”dən azad agent kimi ayrılmaqla “Səbail”ə keçmişdi.

Nəbiyev daha öncə “Kəpəz” (37 oyun, 2 qol, 2 assist), “Sumqayıt” (59 oyun, 4 qol, 4 assist), “Qəbələ” (36 oyun, 2 qol, 2 assist) və “Zirə”də (8 oyun) forma geyinib. O, Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb.

“Səbail” daha öncə müdafiəçi Adil Nağıyevlə yollarını ayırmış, “Turan Tovuz”un yarımmüdafiəçisi Fərid Nəbiyevi heyətinə qatmışdı. Yeri gəlmişkən, Fərid məhz Yusif Nəbiyevin qardaşıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: