“Yuventus” Qattini itirdi

İtaliya A Seriyasının 30-cu turunun “Cenoa” ilə ev oyunu (1:0) “Yuventus”un mərkəz müdafiəçisi Federiko Qatti üçün xoşagəlməz bitib.

Arena.az Turin klubunun mətbuat xidmətinə istinadən məlumat verir ki, oyunda zədələnmiş Qattinin tibbi müayinəsi futbolçunun incik sümüyündə zədə olduğunu aşkarlayıb.

İlkin təxminlərə görə, Qatti bir aylıq müddət ərzində bərpa mərhələsindən keçməli olacaq.

Federiko Qatti “Yuventus”a 2022-ci ilin iyun ayında “Frozinone”dən keçib. Qattinin “qoca sinyora” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Qatti daha öncə “Pro Patriya”, “Verbaniya”, “Pavarolo”, “Saluzzo” və “Alessandriya”da çıxış edib.
Cari mövsümdə Qatti “byankoneri”nin heyətində 40 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Qattinin Turin klubundakı çıxışının ümumi mənzərəsi isə 103 oyun, 7 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Federiko Qatti 2022-ci ilin iyun ayında debüt etdiyi İtaliya yığmasının heyətində 6 oyun keçirib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 26 yaşlı mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 25 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: