“Zirə”nin ukraynalı mərkəz hücumçusu Vladislav Kulaç nüfuzlu “Transfermarkt” internet-portalını yalan məlumat yaymaqda ittiham edib.
Arena.az bu barədə “Sport.ua” dərgisinə istinadən məlumat verir.
Xatırladaq ki, bundan əvvəl “Transfermarkt” internet-portalı Kulaçın azad agent olması barədə məlumat vermişdi.
“Mənim “Zirə” ilə müqaviləm 2023/2024 mövsümünün sonuna qədər qüvvədədir. Azad agent olduğum barədə məlumatın niyə dərc edildiyini bilmirəm, çünki hazırda mən “Zirə”nin oyunçusuyam, yazılanlar isə doğru deyil. Məsələn, mən elə indi nəzəri məşğələlərə gedirəm, ona görə də çox danışa bilmirəm”, deyə “Zirə”nin hücumçusu bildirib.
Vurğulayaq ki, “Transfermarkt” internet-portalı futbol sahəsində oyunçuların transfer qiymətləri, keçid məbləğləri və digər statistik məlumatlarla bağlı ən etibarlı məlumatları ilə tanınır.
Vladislav Kulaç 2023-cü ilin yanvarından “Zirə”nin uğurları üçün çalışır. 30 yaşlı forvard həmin vaxt Ukraynanın “Dinamo” (Kiyev) klubundan azad agent kimi ayrılmış və “Zirə” ilə ilyarımlıq müqavilə bağlamışdı. Onun qəsəbə təmsilçisi ilə bu mövsümün sonunadək müqaviləsi var. Kulaç “Zirə”də bütövlükdə 24 oyun keçirib. O, bu oyunlarda 4 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Vladislav Kulaç Donetsk “Şaxtyor”unun yetirməsidir. O, ölkəsində “Şaxtyor”dan başqa “İliçevets” (Mariupol), “Metallurq” (Zaporojye), “Stal” (Dnepropetrovsk), “Zarya” (Luqansk), “Vorskla” (Poltava), “Aleksandriya” kimi klubların da formasını geyinib. Hücumçu Türkiyənin “Əskişəhərspor” və Macarıstanın “Honved” klublarında da legioner həyatı yaşayıb.
“Zirə” bu qış fasiləsində müdafiəçisi Andriya Lukoviçlə yollarını ayırıb, əvəzində Ceyhun Nuriyev və Rafael Utziqlə güclənib.


