“Zirə”nin “Omoniya” ilə oyunlarının vaxtı və hakimləri açıqlandı

“Zirə”nin Avropa Konfrans Liqasının pley-off mərhələsində Kipr klubu “Omoniya” ilə keçirəcəyi hər iki oyunun vaxtı açıqlanıb.

Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.

Bu komandalar arasındakı ilk görüş avqustun 22-də Nikosiyada təşkil olunacaq. GSP arenada keçiriləcək oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Yeri gəlmişkən, səfərdə keçiriləcək qarşılaşmanın hakim təyinatları da bəllidir. Belə ki, Kiprdəki oyunu Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Yuri Frişer olacaq. Ona Veyko Motsnik və Sander Saqa kömək edəcəklər. Kristo Küllyastinen ehtiyat hakim kimi çalışacaq. Kristo Tohver VAR, Yonas Yanovits isə AVAR kimi iş başında olacaq.

“Zirə” ilə “Omoniya” arasındakı cavab matçı isə avqustun 29-da Mərdəkandakı “Dalğa Arena”da keçiriləcək. Həmin oyuna saat 20:00-da start veriləcək.

UEFA Azərbaycan və Kipr klublarının cavab görüşünü də Latviyadan olan hakimlərə tapşırıb. Görüşün baş hakimi Vitali Spasyonnikov olacaq. Andrey Qluxov VAR, Yevgeni Kezik AVAR kimi fəaliyyət göstərəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: