“Mançester Siti” böhrandan çıxmaq üçün inqilabi tədbirlərə hazırdır

İngiltərə Premyer Liqasının 13-cü turunda “Liverpul”a səfər məğlubiyyəti (0:2) “Mançester Siti” rəhbərliyini qəflətdən ayıldıb.

Arena.az “Daily Star” dərgisinə istinadən məlumat verir ki, indi klub rəhbərliyi yaranmış dərin böhrandan çıxmaq üçün inqilabi tədbirlər görməyə hazırdır.

Xatırladaq ki, “Mançester Siti” son 7 oyunun 6-da məğlub olub. Komanda UEFA Çempionlar Liqasında “Feyenoord”la ev oyununda da 3:0 öndə olduğu üstünlüyü əldən verərək, 3:3 hesablı heç-heçə ilə barışıb. Bu oyuna qədər “şəhərlilər” ardıcıl 5 məğlubiyyəti sıralayıblar. “Liverpul”a məğlubiyyət isə İngiltərə çempionu adını daşıyan, ardıcıl 4 çempionluğu sıralamış komandanın məqamını qorumaq imkanından məhrum edəcək bir mənzərə yaradıb.

Beləliklə, “şəhərlilər”in ispan baş məşqçisi Xosep Qvardiola qarşıdakı qış transfer pəncərəsində transferlər üçün dərhal təxminən 240 milyon avro məbləğində vəsaitlə təmin ediləcək.
“Mançester Siti” rəhbərliyi hesab edir ki, klubun 2024-cü ilin yayında transfer fəallığının olmaması, indi “şəhərlilər”in düşərgəsindəki böhran vəziyyətini daha da gərginləşdirib. Klub rəhbərliyi əmindir ki, hazırda komanda, heyətində dərinlik olmaması səbəbindən əziyyət çəkir.

“Mançester Siti” əsas transfer hədəfləri kimi bir neçə oyunçu seçib. “Dayaqçı”lar – ispaniyalı futbolçu Martin Subimendi (“Real Sosyedad”) və braziliyalı futbolçu Bruno Gimarayns, həmçinin Lissabon “Sportinq”inin “vuran ayağı” – isveçli mərkəz hücumçusu Viktor Dyökereş.

“Liverpul”a məğlubiyyət Qvardiolanın komandasını İngiltərə Premyer Liqasının yarış cədvəlində 5-ci pilləyə salıb. “Şəhərlilər”in 13 oyundan 23 xalı var. “Liverpul” isə 34 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: