Qvardiola: “Bunun dönüş nöqtəsi olub-olmayacağını bilmirəm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Premyer Liqanın 14-cü turunda “Nottingem Forest” üzərində ev qələbəsini (3:0) şərh edib.

Arena.az BBC-yə istinadən məlumat verir ki, ispan mütəxəssis ehtiyatlı şərhi ilə diqqət çəkib:

“Biz qalib gəldik. Əsas olan budur. Bu gün yaxşı gündür. Bu qələbə bizə gərək idi. Klubun, futbolçuların – cümləmizin buna ehtiyacı var. Bu oyunun “Mançester Siti” üçün dönüş nöqtəsi olub-olmayacağını bilmirəm. Bu, sadəcə bircə qələbədir”, deyə Qvardiola vurğulayıb.

“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bröyne də “şəhərlilər”in “Nottingem Forest” üzərində qələbəsini şərh edib. Belçikalı futbolçunun bu barədə fikrini təqdim edirik:

“Mən düşünürəm ki, bu gün biz öz üzərimizə düşən məsuliyyətin öhdəsindən gəldik!”, deyə De Bröyne vurğulayıb.

“Mançester Siti”nin hücumçusu Erlinq Haland isə bu oyunda sonra özünün sosial şəbəkə hesabı üzərindən “şəhərlilər”ə çağırış edib:

“Çətin bir yürüşdən sonra komanda üçün böyük bir qələbə! Keçmişi geridə qoyub irəliyə baxaq”, – Haland dərc edib.

Yeri gəlmişkən, futbol mütəxəssisi Ceymi Karrager “Mançester Siti”nin bu mövsüm İngiltərə Premyer Liqasını qazana bilməyəcəyini və “şəhərlilər”in ispan baş məşqçisi Xosep Qvardiolanın ilk dördlüyə düşmək uğunda mübarizə aparacağını bildirib:

“Bəzən məğlub olmalısan ki, insanlar nə etdiyinizi başa düşsünlər və siz də bunu adi hal kimi qəbul edəsiniz. Və bəlkə də o, özündən yuxarıdakı insanlara və azarkeşlərə iyerarxiya ismarışı göndərir. Amma “Mançester Siti” bu mövsüm Premyer Liqanı qazana bilməyəcək.

Mən düşünürəm ki, onlar ilk dördlükdə yer almaq uğrunda mübarizə aparmalı olacaqlar”, deyə Karrager vurğulayıb.

Xatırladaq ki, buna qədər “şəhərlilər” son 7 oyunun 6-da məğlub olmuş, Çempionlar Liqasında “Feyenoord”la ev oyununda isə 3:0 öndə olduqları üstünlüyü əldən verərək, 3:3 hesablı heç-heçə ilə barışmışdılar.

14 turdan sonra 26 xal toplamış “Mançester Siti” Premyer Liqanın yarış cədəvlində 4-cü sırada qərarlaşıb. 22 xal toplamış “Nottingem Forest” isə 6-cı pillədə yer alıb. Premyer Liqaya 35 xalla “Liverpul” başçılıq edir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: