Arne Slot Məhəmməd Salahın klubda qalacağına ümid edir

“Liverpul”un baş məşqçisi Arne Slot ümidvardır ki, klub rəhbərliyi öz qolçusu Məhəmməd Salahı yeni müqavilə imzalamağa razı sala bilər.

Arena.az “Goal” dərgisinə istinadən, niderlandlı mütəxəssisin misirli ulduz hücumçunun gələcəyi ilə bağlı mövqeyini təqdim edir:

“Hər dəfə Salah fürsərdən istifadə edir və qol vurur. Ümidvarıq və gözləyirik ki, o, hələ uzun müddət komandada eyni ruhda oynamağa davam edəcək. O, bizim üçün çox xüsusi işlər görüb”, deyə Arne Slot vurğulayıb.

Xatırladaq ki, Salahın “qırmızılar”la cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Daha əvvəl Salah “Liverpul” rəhbərliyindən heç bir təklif almadığını bildirmişdi. Misirli ulduz hücumçu bir çox aparıcı klubların, o cümlədən Səudiyyə Ərəbistanı təmsilçilərinin maraq dairəsindədir.

Məhəmməd Salah 2017-ci ilin iyulundan “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi.

Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 21 oyuna 15 qol vurub, 12 məhsuldar ötürmə verib.

Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası isə belədir: 370 oyun, 226 qol, 101 məhsuldar ötürmə.

Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub. O, “Liverpul” və “Roma”dan başqa, “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.

Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı misirli cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: