“Mançester Siti”nin ispan baş məşqçisi Xosep Qvardiola bundan sonra başqa klubları çalışdırmayacağını açıqlayıb.
Arena.az “City Xtra” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən başqa komandanı çalışdırmaq fikrində deyiləm. Mən uzunmüddətli gələcək haqqında danışmıram, amma hazırda etmədiyim – “Mançester Siti”dən ayrılmaq, başqa ölkəyə getmək və indi etdiyim işi görməkdir.
Buna gücüm çatmazdı… Bütün məşq prosesini başqa yerdə başlamaq fikri və s. Yox, yox, yox! Ola bilsin ki, milli komandada ola bilər, amma bu, fərqli xüsusdur”, deyə Qvardiola vurğulayıb.
Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 495 oyun keçiriblər, 361 qələbə qazanıblar, 62 heç-heçə ediblər, 72 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1247:457 nisbətindədir.
Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.
Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdırıb, bu komandaların hər birinə çoxlu qənimətlər qazandırıb.
15 turdan sonra 27 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədəvlində 4-cü sırada qərarlaşıb.


