“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının Liqa mərhələsində “Yuventus”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, İngiltərə çempionu ÇL-in Liqa mərhələsinin 6-cı turu çərçivəsində baş tutan səfər oyunundan 0:2 hesablı məğlubiyyətlə ayrılıb.
Mançester nəhənginin ispaniyalı baş məşqçisi matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bu gün biz çox inamlı görünürdük. Əvvəlki oyunlardan fərqli olaraq, topu daha az itirirdik və gərəkli mövqeləri tuturduq. Ancaq həmişə dərin və yığcam oynayan İtaliya komandalarına qarşı oynamaq asan deyil. Rəqiblər belə şəraitə yaxşı uyğunlaşırlar. Buna rəğmən, nəticə daha uğurlu ola bilərdisə də, biz öz üslubumuzu davam etdirdik.
Bizdə son ötürmə və hücumun tamamlanması əskik idi. Bundan əlavə, keçidlərdən sonra qapımızın yaxınlığında təhlükəli məqamlara yol verdik, amma mən oyunçularımla səmimi olaraq fəxr edirəm! Əminəm ki, onlar bütün güc-qüvvələrini verdilər.
“Çempionlar Liqasında qalan oyunlar öncəsi həyəcanımız varmı? İki oyunumuz qalıb, bəlkə də bir xala ehtiyacımız var. Parisə gedəcəyik (PSJ ilə oyun – redaktorun qeydi), üç səfər oyunumuz həqiqətən çətin keçdi. Bunu qəbul etmək gərəkdir. Münasibətimizi dəyişəcəyik, o dövrü unutmayacağıq, keçmişdə etdiklərimizi, gələcəkdə nələr edəcəyimizi daha çox qiymətləndirəcəyik”, deyə “Pep” vurğulayıb.
Xosep Qvardiola həmçinin “Yuventus”a müraciət ünvanlayıb:
“Yuventus” yüksək səviyyəli komandadır və bu, həmişə belə olub. Onları qələbə münasibəti ilə təbrik edirəm. Gələcək onlarındır”, – “Football Italia” nəşri Qvardioladan sitat gətirir.
6 oyundan 8 xal toplamış “Mançester Siti” Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlində 22-ci pillədə qərarlaşıb. “Yuventus” isə 11 xalla 14-cü pillədədir.


