Xosep Qvardiola səhhətindəki fəsadlardan söhbət açdı

“Mançester Siti”nin baş məşqçisi, ispan mütəxəssis Xosep Qvardiola səhhətində fəsadlar yaşadığı haqda məlumat verib.

Arena.az “talkSPORT” radiosuna istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mənim dərimlə bağlı fəsadlarım var. Mənə iki-üç il müddətində antihistaminik preparatlar qəbul etmək gərəkdir. Mən bəzən əsəbiləşən adamam. Bəli. Pis günlərim də olur, çox səhv edirəm, kobudluq da məni əsəbiləşdirir. Bəli, bəzən özümə nəzarəti itirirəm. Yaxşı yatmıram və həzm fəsadlarım var, mənə həmişə yüngül yeməklər yemək gərəkdir. Axşam yalnız şorba”, deyə “Pep” vurğulayıb.

Xosep Qvardiola 2016-cı ilin iyul ayından “Mançester Siti”ni çalışdırır. İspan mütəxəssisin “Mançester Siti” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Şəhərlilər” bu müddətdə “Pep”in rəhbərliyi altında 496 oyun keçiriblər, 361 qələbə qazanıblar, 62 heç-heçə ediblər, 73 məğlubiyyətə üzülüblər. Top fərqi isə 1247:459 nisbətindədir.

Bu müddətdə “Pep” “Mançester Siti”nin futbol tarixinin ən şanlı salnaməsini yaradıb. Qvardiola “şəhərlilər”ə 6 dəfə İngiltərə Premyer Liqasını, 2 dəfə İngiltərə Kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 3 dəfə İngiltərə Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Klub Dünya Kubokunu qazandırıb.

Xatırladaq ki, Xosep Qvardiola “Mançester Siti”dən öncə “Barselona” və “Bayern”i də uğurla çalışdırıb, bu komandaların hər birinə çoxlu qənimətlər qazandırıb.

15 turdan sonra 27 xal toplamış “Mançester Siti” İngiltərə Premyer Liqasının yarış cədəvlində 4-cü sırada qərarlaşıb.