“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 18-ci turunda “Lester Siti”yə qarşı keçirdikləri ev oyununu (3:1) şərh edib.
Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən birinci hissədəki çıxışımızdan, oyunun başlamasından razı qaldım. Narazı qaldığım bircə dəqiqə vardı ki, o dəqiqə də biz qol buraxdıq. Düşünürəm ki, birinci hissədə yaxşı çıxış etmədiyimiz yeganə məqam budur.
Biz əvvəldən fürsətlər yaratdıq, qapıya çox hədə-qorxu gəldik, mütəmadi surətdə topu cərimə meydançasına çatdırdıq, orada çoxlu oyunçumuz vardı – Robertsonu qapının qarşısında çox gördüm. Buna görə daha artığını istəyə bilməzdim. Ancaq hesab edirəm ki, fasilədən əvvəl hesabı 1:1 etmək vacib idi, çünki bu, bizə güc-qüvvət verdi, siz isə bunu dərhal ikinci hissədə gördünüz ki, biz etdiyimizi icra etməyə davam etdik. Bu, nəinki bizim üçün yaxşı idi, həm də “Lester Siti”yə əks təsir göstərdi – məncə, onlar düşündülər: “Belə, indi çətin olacaq”, deyə Arne Slot məmnunluqla bildirib.
17 oyundan 42 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsində qərarlaşıb. “Lester Siti” isə 18 oyundan 14 xalla 18-ci pillədədir.


