ESPN şəbəkəsi öz seçimi əsasında başa çatmaqda olan 2024-cü ilin ən yaxşı məşqçisinin və ən yaxşı oyunçusunun adını açıqlayıb.
Arena.az xəbər verir ki, dərgi “Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelottini cari ilin ən yaxşı məşqçisi elan edib.
Xatırladaq ki, 2024-cü ildə Ançelottinin rəhbərliyi altında “Real” İspaniya La Liqasını, İspaniya Super Kubokunu, UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və FIFA Qitələrarası Kuboku qazanıb.
ESPN şəbəkəsi Madrid “Real”ının braziliyalı ulduz hücumçusu Vinisius Junioru da cari ilin ən yaxşı oyunçusu elan edib.
Xatırladaq ki, daha əvvəl Vinisius FIFA tərəfindən keçirilən “The Best” mərasimində də 2024-cü ilin ən yaxşı futbolçusu seçilib.
2024-cü ilin oktyabrında isə “Qızıl top” uğrunda mübarizədə favorit hesab edilən Vinisius nüfuzlu mükafat üçün səsvermədə ikinci yeri tutub. Qənimət “Mançester Siti”nin ispan dayaq yarımmüdafiəçisi Rodriyə verilib.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 21 oyuna çıxıb, 14 qol və 10 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi isə belədir: 285 oyun, 97 qol, 85 məhsuldar ötürmə.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabrında debüt etdiyi Braziliya milli komandasının heyətində 37 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib. “Vini” Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 24 yaşlı braziliyalı sol vingerin transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir. Bu məbləğ “Vini”nin dünyanın ən bahalı iki futbolçusundan biri olması deməkdir.


