İngiltərənin “Liverpul” klubunun hücunçusu Məhəmməd Salah Premyer Liqa tarixində ən çox məhsuldar ötürmə verən 10-cu futbolçu olub.
Arena.az xəbər verir ki, 32 yaşlı hücumçu buna İngiltərə Premyer Liqasının 19-cu turunda “Vest Hem”ə qalib gəldikləri (5:0) oyunda nail olub.
Salah bu qarşılaşmada 1 qol və 2 assistlə yadda qalıb. Misirli forvard çempionatdakı məhsuldar ötürmələrinin sayını 82-yə çatdırıb.
Premyer Liqada bu göstəricidə rekord “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Rayan Giqqzə məxsusdur – 162 assist.
Xatırladaq ki, Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 20 qol vurub, 17 məhsuldar ötürmə verib.
Məhəmməd Salah cari mövsümdə İngilyərə Premyer Liqasının ən məhsuldar və ən səmərəli oyunçusudur. Misirli ulduzun hesabında Premyer Liqada 17 qol və 13 məhsuldar ötürmə var.
Misirli hücumçunun “Liverpul”un heyətində ümumi statistikası 375 oyun, 231 qol, 105 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Xatırladaq ki, Salahın “Liverpul”la cari müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. O, son açıqlamalarında indiki klubunda sonuncu mövsümünü keçirdiyinə işarə edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli sağ cinah hücumçusunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


