İngiltərənin “Liverpul” komandasının baş məşqçisi Arne Slot Məhəmməd Salahın oyun forması haqda fikrini paylaşıb.
Arena.az xəbər verir ki, niderlandlı mütəxəssis bunları vurğulayıb:
“Salah və “fövqəladə” sözü son altı ayda çox eşitdiyim bir xüsusdur. O, həqiqətən buna layiqdir və yəqin ki, bu səkkiz il ərzində də, amma mən son altı aydır komandadayam. Salahın bizi təəccübləndirməyə davam etdiyini düşünmürəm, çünki onun necə bir oyunçu olduğunu və nə edə biləcəyini bilirik. O, top hətta digər komandada olsa belə, komanda üçün çox çalışır.
Biz yalnız Məhəmmədin belə davam edəcəyinə ümid edə bilərik, amma əlavə etmək istərdim ki, o, qol vuranda bu, sadəcə öz-özünə baş vermir. Onu zərbə mövqeyinə çıxaran başqa oyunçular da var”, – “Liverpul”un mətbuat xidməti niderlandlı mütəxəssisdən sitat gətirir.
Bu mənzərədə Salah “Qızıl top”u qazana bilib-bilməyəcəyi ilə bağlı sualı da cavablayıb:
“Qızıl topu qazana bilərəmmi? Düşündüyüm yeganə xüsus Premyer Liqada “Liverpul”la qalib gəlməkdir”, – nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romano misirli hücumçudan sitat gətirir.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salahın “Liverpul”la cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 26 oyuna çıxıb, 20 qol vurub, 17 məhsuldar ötürmə verib.
Məhəmməd Salah cari mövsümdə İngiltərə Premyer Liqasının ən məhsuldar və ən səmərəli oyunçusudur. Misirli ulduzun hesabında Premyer Liqada 17 qol və 13 məhsuldar ötürmə var.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 375 oyun, 231 qol, 105 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


