İngiltərə Premyer Liqasının 20-ci turunun “Mançester Yunayted”lə ev oyunu “Liverpul”un hücumçusu Məhəmməd Salah üçün düşərli olub.
Arena.az məlumat verir ki, misirli futbolçu 2:2 hesabıyla yekunlaşmış bu oyunda penalti zərbəsindən “qırmızılar”ın qollarından birini vurub.
Beləliklə Salah cari mövsümdə İngiltərə Premyer Liqasında vurduğu qolların sayını 18-ə çatdırıb. Misirli ulduzun hesabında 13 məhsuldar ötürmə də var. Salah 31 (18 qol və 13 məhsuldar ötürmə) səmərəli fəaliyyətinə 19 oyunda nail olub ki, bu da müvafiq oyun sayına görə çemionatın rekordudur. Salah daha əvvəl, 2013/2014-cü illər mövsümündə 19 oyuna 30 səmərəli fəaliyyətə imza atmış, “Liverpul”un uruqvaylı keçmiş hücumçusu Luis Suaresin rekordunu qırıb.
Hazırda, Salah İngiltərə Premyer Liqasının cari mövsümünün həm ən sərrast qolçusu (18 qol) və həm də məhsuldar ötürmələr (13 məhsuldar ötürmə) üzrə ən səmərəli oyunçusudur.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin vaxt Salahın “Roma”dan transferi müqabilində 42 milyon avro məbləğində xərc çəkib.
Salahın “Liverpul”la cari müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulub.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində bütün yarışlarda 27 oyuna çıxıb, 21 qol vurub, 17 məhsuldar ötürmə verib.
Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 376 oyun, 232 qol, 105 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 101 oyun keçirib, 58 qol vurub, 33 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 32 yaşlı misirli hücumçunun transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.


