Vircil van Deyk “Liverpul”da qalacaqmı?

“Liverpul”un niderlandlı mərkəz müdafiəçisi və kapitanı Vircil van Deyk “qırmızılar”ın düşərgəsindəki gələcəyi ilə bağlı sualı cavablayıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, niderlandlı futbolçunun bu barədə cavabını təqdim edir:

“Gələcək nə gətirəcək – bu barədə mənim heç bir fikrim yoxdur. Bir xüsusu bildiyini söyləyən hər kəs, ümumiyyətlə heç nə bilmir!”, deyə Van Deyk vurğulayıb.

Fabritsio Romano həmçinin “Liverpul”un baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slotun da Vircil van Deykin “qırmızılar”ın düşərgəsindəki gələcəyi ilə bağlı fikrini təqdim edib:

“Mənim şərhim çox sadədir: ümidvaram ki, onunla uzun müddət ərzində işləyə bilərəm”, deyə Slot vurğulayıb.

Vircil van Deyk 2018-ci ilin yanvarından “Liverpul”da çıxış edir. “Qırmızılar” Van Deyki o vaxt 84,65 milyon avro məbləğ müqabilində “Sauthempton”dan transfer ediblər. Van Deykin “Liverpul”la müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Van Deyk “Liverpul”un heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

Niderlandlı müdafiəçinin mersisaydlıların heyətində çıxışının ümumi mənzərəsi isə belədir: 302 oyun, 26 qol, 13 məhsuldar ötürmə.

Van Deyk “Liverpul”la İngiltərə Premyer Liqasını (2020), İngiltərə Kubokunu (2022), İngiltərə Liqa Kubokunu (2022, 2024), İngiltərə Super Kubokunu (2023), Çempionlar Liqasını (2018/2019), UEFA Super Kubokunu (2019/2020), FIFA Klub Dünya Kubokunu (2019) qazanıb. Vircil həmçinin “Liverpul”un oyunçusu kimi 2018/2019-cu illər mövsümündə ilin oyunçusu mükafatına və həmçinin həmin mövsümdə UEFA-ya görə Avropanın ən yaxşı oyunçusu mükafatına layiq görülüb.

Vircil Van Deyk hazırda kapitanı olduğu, 2015-ci ilin oktyabr ayında debüt etdiyi Niderland yığmasının heyətində 78 oyuna çıxıb, 9 qol vurub.

“Transfermarkt” internet-portalı 33 yaşlı niderlandlı mərkəz müdafiəçisinin transfer dəyərini 28 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: