Fransa millisinin və Madrid “Real”ının hücumçusu Kilian Mbappe İspaniya La Liqasında yanvar ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə La Liqanın rəsmi saytı məlumat yayıb.
Mbappe yanvarda “Real”ın heyətində La Liqa çərçivəsində 3 oyuna çıxıb. O, bu oyunlarda 5 qol vurub, komandası isə maksimum nəticə göstərməklə La Liqada vahid liderliyini möhkəmləndirib.
Bu, Mbappenin La Liqada ilk belə uğurudur. O, cari mövsümdə ayın ən yaxşısı seçilən üçüncü “Real”lıdır. Əvvəlki aylarda Madrid klubunun digər hücumçuları Vinisius Junior və Cud Bellingem də ən yaxşı seçilmişdilər.
Cari mövsümün bütün mükafatçıları:
Avqust 2024 – Rafinya (“Barselona”)
Sentyabr 2024 – Lamin Yamal (“Barselona”)
Oktyabr 2024 – Robert Levandovski (“Barselona”)
Noyabr 2024 – Vinisius Junior (“Real”)
Dekabr 2024 – Cud Bellingem (“Real”)
Xatırladaq ki, Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.
Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində 34 oyuna çıxıb, 22 qol vurub, 4 məhsuldar ötürmə verib.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.
Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 160 milyon avro məbləğində qiymətləndirir.



