David da Kosta satıldı, “Lans” 5,7 milyon avro qazandı

Fransanın “Lans” klubunun hücumameyilli yarımmüdafiəçisi David Pereyra da Kosta bundan sonra “Portland Timbers”in formasını geyinəcək.

Arena.az bu barədə Amerika Birləşmiş Ştatları (ABŞ) klubunun rəsmi saytına istinadən xəbər verir.

MLS-də çıxış edən sözügedən klub bu transferi 5,74 milyon avroya rəsmiləşdirib. 24 yaşlı portuqaliyalı futbolçu ilə müddəti 2028-ci ilin 31 dekabrına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

David da Kosta “Lans”ın öz yetirməsidir. O, 2020-ci ildən Fransa klubunun əsas komandasında çıxış edirdi. Yarımmüdafiəçi bu komandada 123 oyuna çıxıb, 10 qol vurub, 13 məhsuldar ötürmə müəllifi olub.

David Portuqaliyanın U-18, U-19 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.

“Transfermarkt” internet-portalı 24 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 7 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş: