İspaniyanın “Barselona” klubunun 36 yaşlı mərkəz hücumçusu Robert Levandovskinin gələcəyi ilə bağlı məlumat açıqlanıb.
Arena.az “365scores” dərgisinə istinadən məlumat verir ki, bu barədə polyak futbolçunun agenti Pini Zahavi məlumat verib:
“Robert növbəti mövsüm üçün “Barsa”da qalacaq. Bu, yüz faizdir. O, klubda xoşbəxtdir. Robertin klubla, sona qədər əməl edəcəyi müaviləsi var.
Səudiyyə Ərəbistanından təkliflər? Biz müvafiq təkliflər almamışıq”, deyə Zahavi vurğulayıb.
Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində “Bayern”dən keçib. Tərəflər arasındakı müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.
Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 38 oyuna çıxıb, 34 qol vurub və 3 məhsuldar ötürmə verib.
Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 133 oyun, 93 qol və 20 məhsuldar ötürmədən ibarətdir.
Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.
Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 156 oyun keçirib, 84 qol vurub, 35 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.
“Transfermarkt” internet-portalı 36 yaşlı polyak hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.


