Lamin Yamal anasının həyəcan keçirməsindən danışdı

“Barselona”nın 17 yaşlı ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal anasının həyəcan keçirdiyi məqam haqda söhbət açıb.

Arena.az DAZN şəbəkəsinə istinadən məlumat verir ki, yeniyetmə futbolçu müvafiq məqamın İspaniya La Liqasının cari mövsümünün 11-ci turunda “Real”la səfər oyununda (4:0) yaşandığını bildirib.

Yamal bu oyunda “qaymaqlılar”ın azarkeşlərinin onu və “blauqrana”nın digər oyunçularını irqi zəmində təhqir etmələrinin, anasına çox pis təsir etdiyini açıqlayıb:

“Mənim anam çox həyəcan keçirirdi, o, kədərli idi. O, narahat halda mənə zəng etmiş və təəccüblənmişdi, axı biz qələbə qazandığımız üçün mən dostlarımla şənlənirdim. Ola bilsin ki, əgər komandamız uduzsaydı, bu vəziyyət mənə daha da çox təsir edərdi.

Nəhayət, həyatdan zövq almaq vacibdir. Əgər bir insan sizi təhqir edirsə, o, ilk növbədə məğlub olduğundan qəzəbləndiyi üçün bunu edir. Düşünürəm ki, müvafiq məqam üzərində köklənməyə dəyməz”, deyə Yamal vurğulayıb.

Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.

Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 37 oyuna çıxıb, 12 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib.

Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 88 oyun, 19 qol və 24 məhsuldar ötürmədən ibarətdir.

Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 17 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.

Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.

“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: