“Barselona”nın ispaniyalı sağ cinah hücumçusu Lamin Yamal ifrat sıx oyun təqvimi ilə bağlı çətinlik hiss etmədiyini bildirib.
Arena.az AS dərgisinə istinadən, yeniyetmə ulduzun müvafiq qənaətini təqdim edir:
– Yaşlıların təqvimdən şikayəti mənzərəsində onları başa düşürsənmi?
– Gənclər ancaq futbol oynamaq və zövq almaq istəyirlər, ağla başqa heç nə gəlmir. Futbol, bizim işimiz olması ilə yanaşı, hər şeydən çox etmək istədiyimizdir. Mənim heç bir şikayətim yoxdur.
– Yəni oyunlar arasındakı bu 72 saat sənə çox uzun gəlir?
– Bəli, bəli… Bəzən oyun başa çatdıqda, düşünürsən ki, “bah, növbəti oyuna hələ üç gün var”. Bu 72 saatla bağlı məndə hər şey baş-ayaqdır. Oyunu bitirirəm və artıq növbəti oyunu oynamaq istəyirəm.
Lamin Yamal “Barselona”nın yetirməsidir. İstedadlı yeniyetmə 2022/2023-cü illər mövsümündən Kataloniya təmsilçisinin əsas komandasında çıxış edir.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Yamal “blauqrana”nın heyətində bütün yarışlarda 38 oyuna çıxıb, 13 qol və 17 məhsuldar ötürmə ilə fərqlənib.
Lamin Yamalın “Barselona”da çıxışının ümumi mənzərəsi 89 oyun, 20 qol və 24 məhsuldar ötürmədən ibarətdir.
Yamal 2023-cü ilin sentyabr ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 18 oyun keçirib, 3 qol vurub, 8 məhsuldar ötürmə verib.
Lamin Yamalın qənimətlər muzeyində “Barselona” ilə qazandığı İspaniya La Liqası (2022/2023) və İspaniya Super Kuboku (2024/2025) var. Həmçinin Yamal İspaniya yığması ilə AÇ-2024-ün qalibi olub.
“Transfermarkt” internet-portalı 17 yaşlı ispaniyalı sağ cinah hücumçusunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.


