PSJ-nin rusiyalı qapıçısı Matvey Safonov son il ərzində Parisdəki həyatı və karerasındakı dəyişiklikləri ehtiva edən filmə çəkilib.
Arena.az xəbər verir ki, 26 yaşlı qolkiper bu barədə ölkəsinin mətbuatına açıqlamasında məlumat verib:
“Artıq başa düşdüyünüz kimi, son bir neçə gün ərzində film çəkilib. Daha doğrusu, son bir il ərzində mənim Paris həyatım və karyeramdakı dəyişikliklər haqda seriya”, deyə Safonov bildirib.
Xatırladaq ki, Matvey Safonov PSJ-yə 2024-cü ilin iyul ayında Rusiyanın “Krasnodar” klubundan keçib. Paris klubu bu transfer üçün 20 milyon avro ödəyib. 25 yaşlı qolkiperlə 5 illik (2029-cu ilin 30 iyununa qədər) müqavilə imzalanıb.
Safonov cari mövsümdə PSJ-nin heyətində 12 oyuna çıxıb. O, bu oyunlarda 7 qol buraxıb, 6 oyunda qapısını toxunulmaz saxlayıb.
“Krasnodar”ın yetirməsi olan Matvey Safonov 2019-cu ildən bu klubun əsas komandasında forma geyinməyə başlayıb. O, bu komandada 175 oyuna çıxıb, 208 qol buraxıb, 53 matçda qapısını toxunulmaz saxlayıb.
Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış Safonov, 2021-ci ildən əsas millidə forma geyinir. O, Rusiya milli komandasında 14 oyuna çıxıb, 8 qol buraxıb, 9 matçdan “quru” qurtulub.
“Transfermarkt” internet-portalı 26 yaşlı rusiyalı qapıçının transfer dəyərini 22 milyon avro məbləğində qiymətləndirir.


