“Real”ın baş məşqçisi Karlo Ançelotti “qaymaqlılar”ın 4 futbolçusu ilə bağlı UEFA-nın açdığı intizam işinə münasibətini açıqlayıb.
Arena.az AS dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Biz UEFA-ya etibar edirik. Biz inanırıq ki, hər şey düzgün olub. UEFA-dan hər hansı cavab gözləyirik, amma əminik ki, hər şey yaxşı ötüşəcək”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, UEFA “Real”ın dörd futbolçusuna qarşı intizam işi açaraq, məsələ üzrə təhqiqat aparmağı xüsusi müfəttişinə həvalə edib.
Təhqiqat mövzusu Çempionlar Liqasının 1/8 finalının “Atletko” (Madrid) və “Real” arasında keçirilmiş cavab oyununda “qaymaqlılar”ın oyunçuları – Kilian Mbappe, Vinisius Junior, Daniel Sebalyos və Antonio Rüdigerin davranışlarıdır. “Real”dan şikayəti Madrid “Atletiko”su ünvanlayıb. “Atletiko” düşərgəsi “Real”ın adları çəkilən futbolçularının yolverilməz davranışlarını əks etdirən dörd videoyazını qitə futbol qurumuna təqdim edib.
Xatırladaq ki, “Real” “Santyaqo Bernabeu”dakı 1:0 üstünlüyünü “Metropolitano”da eyni hesabla əlddən versə də, penaltilər silsiləsinə sürüklənmiş oyunda 4:2 hesablı qələbəyə sevinərək, mötəbər yarışın 1/4 final mərhələsinə adlayıb.


