London “Arsenal”ının yarımmüdafiəçisi Deklan Rays UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə UEFA-nın rəsmi saytına istinadən xəbər verir.
Belə ki, bu gün UEFA Çempionlar Liqasında həftənin oyunçusu açıqlanıb. Bu ada İngiltərənin “Arsenal” komandasının yarımmüdafiəçisi Deklan Rays layiq görülüb.
26 yaşlı oyunçu ÇL-in 1/4 final mərhələsi çərçivəsində doğma meydanda qarşılaşdıqları “Real”la (Madrid, İspaniya) matçda cərimə zərbəsindən iki baxımlı qola imza atmaqla diqqət mərkəzinə düşüb.
PSJ-nin (Fransa) üzvü Xviça Kvaratsxeliya ikinci, “Barselona”nın (İspaniya) hücumçusu Robert Levandovski üçüncü, “İnter”in (İtaliya) müdafiəçisi Alessandro Bastoni dördüncü olub.
Qeyd edək ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları aprelin 15-16-da baş tutacaq.
Xatırladaq ki, Deklan Rays futbola “Çelsi”də qədəm qoyub. Amma hələ yeniyetmə ikən “zadəganlar”ın düşərgəsindən “Vest Hem”ə keçmiş Rays “çəkicdöyənlər”in uğurları üçün çalışıb.
Rays “Arsenal”a 2023-cü ilin iyulunda 116,6 milyon avro məbləğ müqabilində “Vest Hem”dən keçib. “Dayaqçı”nın “topçular”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rays “Arsenal”ın heyətində 43 oyun keçirib, 7 qol vurub, 8 məhsuldar ötürmə verib. Raysın “topçular”ın heyətində çıxışının ümumi mənzərəsi 94 oyun, 14 qol və 18 məhsuldar ötürmədən ibarətdir.
Rays 2019-cu ilin mart ayında debüt etdiyi İngiltərə yığmasının heyətində 64 oyuna çıxıb, 5 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. “Üç şir”ə qədər Rays irland köklərinə əsaslanaraq İrlandiya yığması üçün oynayıb, aşağı yaş yığmaları ilə yanaşı, əsas yığmada da 3 oyun keçirib.
Deklan Raysın qənimətlər muzeyində “Vest Hem”lə qazandığı Konfrans Liqası (2022/2023) və “Arsenal”la qazandığı İngiltərə Super Kuboku (2023/2024) var. Həmçinin Rays 2022/2023-cü illər mövsümü üçün “Vest Hem”in ilin oyunçusu seçilib.
“Transfermarkt” internet-portalı 26 yaşlı ingiltərəli dayaq yarımmüdafiəçisinin transfer dəyərini 110 milyon avro məbləğində qiymətləndirir.


