Bu gün kişilər arasında təşkil olunmuş Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünün pley-in mərhələsinə yekun vurulub.
Arena.az xəbər verir ki, 3-cü oyunlar çərçivəsində iki qarşılaşma baş tutub.
Daha öncə keçirilmiş iki oyunda hərəyə bir qələbə qazanmış “Sumqayıt”la “Sərhədçi” bu gün pley-offa vəsiqə üçün üz-üzə gəliblər. Gərgin keçən qarşılaşmanın taleyi son saniyələrdə həll olunub. Meydan sahibləri iki xal fərqi ilə uduzaraq, mübarizəni dayandırıblar.
Bu komandaların ilk görüşündə “Sərhədçi” (123:97), ikinci matçında isə “Sumqayıt” (100:97) qələbə qazanmışdı.
Digər qarşılaşmada isə “Abşeron” və NTD ikinci qələbə üçün mübarizə aparıblar. Bu görüşdə Abşeron basketbolçuları 7 xallıq fərqlə qalib gələrək, növbəti mərhələyə yüksəliblər.
Xatırladaq ki, tərəflər arasındakı ilk oyunda “Abşeron” (88:74), ikinci görüşdə NTD (67:63) qalib gəlmişdi.
Pley-in mərhələsinin digər iki cütündə “Gəncə” “Lənkəran”ı (96:92, 100:74), “Ordu” “Quba”nı (88:74, 92:88) məğlub edərək pley-offa yüksəlmişdi.
Azərbaycan Basketbol Liqası
Pley-in mərhələsi, 3-cü oyunlar
16 aprel
“Sumqayıt” – “Sərhədçi” 94:96 (16:20, 27:20, 25:32, 26:24)
Sumqayıt Olimpiya İdman Kompleksi.
“Abşeron” – NTD 81:74 (19:19, 19:15, 22:21, 21:10).
Bakı İdman Sarayı.


