“Barselona” klubu tarixində doqquzuncu dəfə eyni mövsümdə həm İspaniya çempionluğunu, həm də ölkə kubokunu qazanıb.
Arena.az xəbər verir ki, Kataloniya təmsilçisi buna La Liqanın 2024/2025-ci illər mövsümünün 36-cı turunda səfərdə “Espanyol”u 2:0 hesabı ilə məğlub etməklə nail olub.
Komanda qələbə sayəsində 28-ci çempionluğunu rəsmiləşdirib. “Barsa” aprelin 26-da İspaniya Kubokunun finalında da “Real”a əlavə vaxtda 3:2 hesabı ilə qalib gəlməklə növbəti titulunu qazanmışdı.
Xatırladaq ki, Kataloniya təmsilçisi daha öncə 1951/1952, 1952/1953, 1958/1959, 1997/1998, 2008/2009, 2014/2015, 2015/2016 və 2017/2018 mövsümlərində də ölkə çempionu olub və kuboka sahib çıxıb.
Qeyd edək ki, “Barselona” 2024/2025 mövsümündə İspaniya Super Kubokunu da qazanıb.


